Martın 5-də ATİAHİ Ağstafa rayon komitəsi və Rayon Təhsil Şöbəsi və 6 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Rayon məktəblərindən olan qadın müəllimlərin iştirak etdiyi tədbirdə rayon komitəsinin sədri Qoşqar Yaqubov çıxış edərək dövlətimizin qadın siyasətindən danışıb. Bildirib ki, Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir: “1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultayları dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirmək olar. Fəxarətlə deyə bilərik ki, Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır”.
Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalov və Mərkəzin rəisi Emin Əliyev çıxışlarında qadınların Vətənə sədaqətindən, onların fədakar əməyindən, ana adının müqəddəsliyini qorumaqlarından danışıblar.
Sonda xanımlara qiymətli hədiyyələr təqdim olunub.